Bakı Haqqında

Ümumi informasiya

Bakı – Azərbaycan Respublikasının paytaxtı, nəinki ölkənin, habelə bütün regionun ən iri sənaye, elmi və mədəni mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir.

 

Bakının tarixinə nəzər salsaq, bu şəhər qədim dövrlərdən Xəzərin sahilində olan ilk dəniz limanı olmuşdur. Əgər nəzərə alsaq ki, bütün Azərbaycan şərti olaraq Avropa ilə Asiyanın sərhəddində olan bir ölkədir, o zaman Bakının yerləşdiyi Abşeron yarımadası Avropaya can atan Asiyanı və Uzaq Şərq ölkələrini, habelə onların əhalisini öyrənmək istəyən avropalılar üçün daima əsas qapılardan biri olmuşdur.

1873-cü ildə burada ilk milli teatr yaradılıb, 1908-ci ildə isə müsəlman Şərqində ilk dəfə olaraq «Leyli və Məcnun» operası səhnəyə qoyulub. Azərbaycanda ilk universitet və ilk kitabxana da məhz Bakıda açılıb.

Bakının tarixi Azərbaycan xalqının qiymətli sərvətlərindən olan neftlə sıx bağlıdır. Strateji əhəmiyyətli neft ilk dəfə Abşeron yarımadasında kəşf və hasil edilmişdir. Neftin sənaye məqsədilə istehsalı üçün ilk mexaniki qurğu 1847-ci ildə Bakıda qazılıb. Neft hasili şəhərin tarixində böyük əhəmiyyət kəsb etmişdir. Neftlə yüklənmiş dəvə karvanları məşhur İpək yolu ilə buradan Avropaya və Asiyaya yollanmışdır. Dünyada ilk neft tankeri “Zoroaster” 1879-cu ildən Bakıda Nobel qardaşları tərəfindən istifadə olunmuşdur. 70 il sonra Sovetlər dövründə Bakıda dünyanın ilk açıq dəniz platforması olan,  tayı-bərabəri olmayan məşhur Neft Daşları yaradılmışdır. Xəzər dənizinin ortasında yerləşən Neft Daşları, dünyada ən qədim və ən geniş məskunlaşmış neft şəhəri hesab olunur. 1999-cu ildə “Dünya kifayət etmir” (“World Is Not Enough”) filminin bəzi hissələri məşhur Ceyms Bondun iştirakı ilə məhz burada – Bakının Neft Daşlarında çəkilmişdir.

1941-1945-ci illərdə Böyük Vətən müharibəsi dövründə Bakı SSRİ-nin hərbi aviasiyasını və bronetexnikasını yanacaqla təmin edən əsas strateji mərkəz idi, bu da SSRİ-nin faşizm üzərində qələbəsinin əsas amillərindən biri olmuşdur.

Bakı şəhərinin müasir simasının təşəkkülündə XX əsrin 70-ci illərində o dövrdə Azərbaycan SSR MK-nın Birinci katibi olan Heydər Əliyev mühüm rol oynamışdır. Heydər Əliyev Azərbaycanda memarlığın və mədəniyyətin inkişafının daha böyük vüsət alması üçün Bakıda bir sıra gözəl memarlıq abidələri, mədəni və istirahət guşələri, park və meydanların salınması, bununla yanaşı, bir çox dövlət əhəmiyyətli vacib obyektlərin tikilməsi ilə bağlı xüsusi qərarlar vermişdır.

Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən və 1993-cü ildə Ümummilli lider Heydər Əliyev ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra ölkədə siyasi birləşmə, iqtisadi və sosial yüksəliş dövrü başlandı.

Bakı bulvarından şəhərin görünüşü.

Bakı şəhəri bu gün bütün Cənubi Qafqaz regionunun elmi-texniki, sənaye, iri iqtisadi, sosial və mədəni mərkəzidir, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Paytaxtın adı “Küləklər şəhəri” kimi şərh olunur. Hal-hazırda Bakı öz gözəlliyini, keçmişini qoruyaraq müasir Avropa şəhəri kimi arxitektura, biznes mərkəzləri və göydələnlərdə mükafatlara layiq görülür.

Ölkənin ən böyük mədəniyyət mərkəzi olan Bakı, müsəlman Şərqində ilk pərdənin açıldığı milli teatr, ilk operanın ifa olunduğu, ilk Azərbaycan qəzetinin nəşr edildiyi və ilk Azərbaycan kitabxanasının açıldığı şəhərdir. Şəhərin ən gözəl ve xüsusi memarliq üslubu ilə seçilən binaları əsasən muzeylərə, teatrlara və kitabxanalara məxsusdur.

Müasir Bakının ruhu həqiqətən də cəlbedicidir. Qədim tarixlə zəngin Bakı bu gün də dinamik inkişaf edir. Burada müasir üslublu muzeylər, teatrlar, konsert zalları, Dənizkənarı Milli Park, eyni zamanda milli və xarici mətbəxi ilə seçilən kafelər, restoranlar fəaliyyət göstərir.

Hazırda Bakının sosial və ictimai həyatı da çox dinamikdir. Burada keçirilən mühüm konfranslar, festivallar, sərgilər, idman yarışları və digər beynəlxalq tədbirlər Bakının regionda əhəmiyyətini artırır. Şəhərin ən böyük sərvəti isə onun sakinləridir.

Paytaxt sakinlərinin qonaqpərvərliyi və səmimiliyi hər bir insanda unudulmaz xoş təəssüratlar yaradır. Hələ 1882-ci ildə  ən iri yerli neft şirkətinin sahibləri olan Nobel qardaşları “Bakı  bütün dünyanı işıqlandıra və ona rəng qata bilər” deyirdilər. 

Bir zamanlar yalnız nəhəng zavod-fabrik binaları, irili-xırdalı sənaye müəssisələri ilə yadda qalan Bakı bu gün Şərqlə Qərbin mədəni dəyərlərini özündə birləşdirən mədəniyyət mərkəzinə çevrilib. Ölkəmizin paytaxtı nəinki öz sakinlərinə, hətta ilin müxtəlif fəsillərində ziyarətində olan əcnəbilərə də doğmalaşıb. Axı bura həm də müxtəlif dinlərin, dillərin və mədəniyyətlərin qovuşduğu bir məkandır. Sosial-iqtisadi inkişaf paytaxtın mədəni həyatına da yeni çalar gətirib: tarixi qədim, siması müasir Bakı bu gün “göydələn”lər şəhəridir. Avropanın ən inkişaf etmiş mədəniyyət mərkəzlərini belə kölgədə qoyan paytaxtın “Alov qüllələri” də mavi gözlü Xəzər, yüzilliklərin yadigarı, əfsanə və rəvayətləri ilə daşlaşmış tariximizi qoruyub saxlayan Qız qalası kimi Bakının rəmzinə çevrilib.

Prezident İlham Əliyev paytaxtın simasının nəinki ildən-ilə, əslində, gündən-günə dəyişməsini, klassikliyini, milli memarlıq üslubunu qoruyub saxlamaqla müasirləşməsini yüksək dəyərləndirmişdir: “Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu təkcə biz demirik. Bunu, demək olar ki, Bakıya gələn bütün xarici qonaqlar deyir. Sözün əsl mənasında Bakı parlayan bir ulduzdur”.